Mənim “BMC Timemachine ROAD” yarış velosipedim

Fagani Hajizada
5 min readAug 15, 2023

--

Bu yazımda “BMC Timemachine ROAD 01 Three” haqqında fikirlərimi və önəmli detalları paylaşacam.

İstifadə etdiyim üç ilə yaxın (2 il 11 ay) müddət ərzində “CUBE Attain PRO 2021” ilə minlərlə kilometr qət edib, iki il yarışlarda həvəskar kimi iştirakdan sonra yeni velosipedə keçməyin vaxtı gəlib çatdı.

Bu qərarıma təkan verən əsas amillərdən biri də Almaniyada velosipedi daha da məşhurlaşdırmaq planları və insanlar arasında velosipeddən istifadəni təşviq etmək məqsədi ilə tətbiq olunan əlavə vergi güzəştləri oldu. Bu vergi güzəştləri sayəsində velosiped lizinqi daha əlçatan oldu və ənənəvi alışla müqayisədə 40%-ə qədər qənaətə imkan yaratdı.

Əgər Almaniyada işləyirsinizsə şirkətinizdən bu haqda məlumat ala bilərsiniz

Mənim “BMC Timemachine ROAD” yol velosipedim

Xarici görünüş / Dizayn

BMC Switzerland AG Grenchendə yerləşən İsveçrə velosiped və velosiped məhsulları istehsalçısıdır. Digər velosiped modellərində olduğu kimi, bu “Timemachine Road” modelinin bir BMC məhsulu olduğunu dərhal görmək olur. Bu velosiped sadə, sürətli və biraz aqressiv görünüşə sahibdir.

TCC — Tuned Compliance Concept Speed

BMC, Tuned Compliance Concept (TCC) ilə fərqli modellər üçün xüsusi şaquli uyğunluq (vertical compliance) və yanal sərtlik (lateral stiffness) səviyyəsi təklif edir. Bu uyğunluq səviyyələrində fərqli modellər üçün sürət, səmərəlilik və müxtəlif yol şəraitlərində idarəetmə arasında balans təqdim olunur. “BMC Timemachine ROAD” bir aero velosipeddir və TCC Speed uyğunluq səviyyəsindədir.

TCC konsepti və fərqli uyğunluq səviyyələri haqqında daha ətraflı məlumat üçün:

Aero modul

Velosipedə baxdıqda diqqətimizi çəkən ilk şeylərdən biri bu kiçik qara qutu və inteqrasiya olunmuş su qabı tutacaqlarıdır, elə deyilmi? Hətta bəzən insanlar bunun batareya olduğunu düşünə bilir — ancaq bu elektrikli velospied deyil. Bu modul aerodinamikanı təkmilləşdirir və onun praktik istifadə üçün nəzərdə tutulub. Belə ki, bu modulun içində ehtiyat təkər və kiçik alət saxlamaq üçün kifayət qədər yer var.

Aero kokpit/sükan

ICS Aero Cockpit yüksək aero performans, asan tənzimlənmə və asan istifadə üçün dizayn edilmişdir. Bu sistem bütün kabelləri rahatlıqla gizlədir, sürtünməni minimuma endirir, velosiped kompüteri və başqa cihazları rahat şəkildə birləşdirə bilmə imkanı yaradır. Şəkildə mənim öz “Garmin Edge Explore 2” velosiped kompüterimi necə birləşdirdiyimi görə bilərsiniz.

Daha ətraflı məlumat üçün:

Aero örtük və Aero oturacaq yeri

Oturacaq yeri aerodinamik üstünlük qazanmaq və fərqli mövqe tənzimləmələri üçün “Kammtail” profili əsasında dizayn edilmişdir. Velosiped 140 mm-lik “Fizik Argo Vento R3” oturacağı ilə təmin edilib. Hərçənd professional “bike fit” etdikdən sonra daha kiçik ölçülü bir oturacağa ehtiyac duya biləcəyimi təxmin edirəm.

Ön əyləc örtüyü hava axınını optimallaşdırır və aerodinamika baxımından üstünlük qazandırır.

Təkərlər

Velosiped 50 mm-lik “CRD-501 Carbon — Tubeless Ready ” təkərlərlə təchiz edilmişdir. Bu təkərlər “tubeless ready” olmasına baxmayaraq 25 mm-lik “tubular Vittoria Corsa Graphene 2.0” şinləri ilə satılır və bu şinlər velosipedin xarici görünüşünü daha da gözəlləşdirir.

SRAM RIVAL eTap AXS

Bir velosiped həvəskarı olaraq bazarda Shimano and SRAM şirkətlərinin təklif etdiyi qrup dəstləri (groupset) haqqında çox oxumuş və maraqlanmışam. Bu mənim velosipedlərdə elektronik sürət ötürücüləri və hidrolik disk əyləcləri (hydraulic disk brake) ilə ilk tanışlığımdır.

Qrup dəsti (groupset) velosipedinizin bütün mexaniki hissələrindən ibarət olan sistemdir

Velosiped SRAM şirkətinin təqdim etdiyi “Rival eTap AXS” (2x12 ötürücülü) modelli qrup dəsti ilə təchiz olunub. Bu sistem sürət ötürücüsünün simsiz şəkildə idarə olunmasına imkan yaradır və ötürücülər arasında dəqiq və sürətli keçidlər etməyə imkan yaradır.

Mexanik ötürücü sistemindən elektron sistemə keçid mənim üçün böyük dəyişiklikdir, ötürücü sistemin rahatlılığını və sürətini çox aydın şəkildə hiss edirəm. Hərçənd bu sistemə öyrəşmək asan olmadı. Mexanik ötürücü sistemlərdən öyrəşdiyim kimi sağ tutacaqla arxa sürət ötürücüsünü, sol tutacaqla isə ön sürət ötürücüsünü idarə etmək istədikdə gözlədiyim nəticəni almadım. Bu sistemdə sağ və sol tutacaq arxa sürət ötürücüsünü idarə etmək üçün istifadə olunur, ön sürət ötürücüsünü kontrol ütmək üçün isə həm sağ həm sol tutacaqdan eyni anda istifadə etmək lazımdır.

“SRAM AXS” mobil tətbiqindən (IOS və Android) istifadə etməklə mən qrup dəstini telefonumla birləşdirə bildim və bu da mənə sistemin proqram təminatını (firmware) yeniləməyə, sürət ötürcüsünün bir çox funksionallıqlarını tənzimləməyə imkan verir. Həmçinin batareyanın nə qədər dolu olduğunu da mobil tətbiqdən görə bilirəm. Batareyanın doluluğunu sistem üzərindəki kiçik düymələr vasitəsi ilə də yoxlamaq mümkündür.

Batareyadan söz düşmüş ikən, elektronik ötürücü sistemindən danışırıqsa bizim enerjiyə ehtiyacımız var. Sistem iki doldurula bilən AXS və iki “CR2032” tipli batareyalarla işləyir.

  • AXS batareyalar SRAM tərəfindən verilən xüsusi qurğu ilə bir saatdan qısa müddətdə doldurula və dolu batareya ilə 1000km -ə kimi istifadə oluna bilir. Sistemin yuxu rejimi (sleep mode) velosiped hərəkət etmədikdə işə düşür və batareyaya qənaət edir
  • “CR2032" tipli batareyalar dəyişdirilənə kimi iki il işləyəcəyi təxmin edilir

“SRAM RIVAL eTap AXS” sisteminə asanlıqla “power meter” inteqrasiya oluna bilir. Bu məqalə yazıldığı vaxtda inteqrasiyanı əlavə etmək 270 EUR civarındadır.

https://www.sram.com/de/sram/models/pm-riv-assy-d1

Əyləc sistemi

SRAM Rival eTap AXS HRD | SRAM Paceline 160 / 160mm

Əyləc sistemi hidrolikdir və performans baxımından ənənəvi əyləc sistemlərindən çox daha yaxşıdır. Etiraf edirəm ki, mən əvvəllər velosipedlərdə hidrolik əyləc sisteminin real təkmilləşdirmələrdən daha çox bir marketing hiyləsi olduğunu düşünürdüm ancaq yüksək sürət testlərimdə və enişlərdə hiss etdiyim fərq fikrimin tamamilə dəyişməsinə səbəb oldu.

Karbon gövdə

Velosipedin gövdəsi və sükanı karbon materialından hazırlanmışdır və tam çəkisi 8kq civarındadır. Əgər sizin çəkiniz 110kq -dan daha artıqdırsa velosipədə minməmişdən öncə arıqlamağınız lazım olacaq, bu karbon gövdənin qaldıra biləcəyi ağırlıq limiti 110kq -dır.

Bu yazıda bir bəhs etdiyim texnologiyalar, velosiped idmanı və həvəskar yarışlar haqqında daha çox məqalələr istəyirsinizsə bunu rəy olaraq yaza bilərsiniz.

Strava: https://www.strava.com/athletes/69087877

Twitter: https://twitter.com/faganihajizada

--

--