Yaxşı texniki CV/Resume yazmaq

Fagani Hajizada
4 min readSep 22, 2022

Bu məqalə daha yaxşı CV yazmaq üçün yol göstərməyə kömək məqsədi ilə yazılmışdır. Bu başdan sona texniki CV/Resume yazmaq üçün bir təlimat (guide) deyil. Bunun üçün internetdə kifayət qədər məqalə mövcuddur.

Bu məqalə mənim işə müraciət proseslərində aldığım rəylər, fərqli şirkətlərdə işlədiyim müddət ərzində təcrübəli komanda yoldaşlarımdan görüb öyrəndiklərim və texniki komanda lideri olaraq müsahibələrdə (interview) əsas müsahib (interviewer) və qərarverici kimi iştirak edərkən qazandığım təcrübələr əsasında yazılmışdır.

Əsas qaydalar

  • Qrammatik səhvlərin olmaması və rahat oxunula biləcək olması;
  • Əlaqə məlumatlarının düzgün şəkildə qeyd olunması;
  • Şəkil, evli və ya subay olduğunuz, dininiz və b. bu kimi şəxsi və tələb olunmayan məlumatların olmaması;
  • Təqdim ediləcək olan sənədin 3 səhifədən daha çox olması məsləhət görülməyən haldır, ancaq bu sizin bir səhifəlik fayl üçün çalışmalı olduğunuz mənasına gəlmir. İllər ərzində toplanılmış təcrübəni bir səhifəyə yerləşdirmək düzgün seçim olmaya bilər. Eyni zamanda əgər ilk işinizi axtarırsınızsa və ya tələbəsinizsə daha az səhifə ilə kifayətlənmək də olar.

Kim olduğunuz haqqında qısa məlumat

Kim olduğunuz haqqında yazın. Sadəcə ad soyadınız və vəzifəniz deyil, bu sahədə var olma məqsədinizdən, vizyonunuzdan, nəyə nail olmaq istədiyinizdən yazın.

Tutarlılıq

İnsanların yazdıqlarınızı diqqətlə oxuması üçün onlarda yazdıqlarınıza maraq oyatmaq və rahat oxunula biləcək CV/Resume sahibi olmaq lazımdır.

  • Sadə, göz incitmədən oxunula biləcək və yaxşı dizayn edilmiş CV/Resume sahibi olun;
  • Oxunmanı asanlaşdırmaq üçün işarə nöqtələrindən (bullet-points) istifadə edin;
  • Asan anlaşıla bilən tarix formatlarından istifadə edin. Məsələn, “09/20 — 07/21” tarix aralığını anlamaq “September 2020 — June 2021” tarix aralığını anlamaqdan daha çətindir;
  • .pdf formatından istifadə edin. .doc, .rtf kimi fayl formatları problemlərə səbəb ola bilər;
  • Bilik və bacarıqların ölçüləbilən olmasına çalışın. Dəqiq olun;
  • Əlavə etdiyiniz hər bir məlumat haqqında söhbət açıla biləcəyini, sual verilə biləcəyini nəzərə alın. Buna hazır olun;
  • Həqiqətə uyğun olmayan məlumatlar əlavə etməyin. Bu sizi sonradan pis vəziyyətə salacaq.

(İş) Təcrübələrinizi paylaşamaq
Təcrübələrinizə, bacarıqlarınıza və əldə etdiyiniz nəticələrə diqqət cəlb etməyə çalışın. İş təcrübələrinizi paylaşarkən nailiyyətlərinizə fokuslanın. Gördüyünüz işlərin işlədiyiniz şirkətə və müştərilərə necə təsir etdiyini göstərin. Göstərdiyiniz nailiyyətlərinizin mümkün qədər ölçüləbilən olmasına diqqət edin.

  • CV/Resume -un funksional olmasına diqqət edin. Yəni diqqəti iş təcrübənizin xronoloji icmalına yetirməkdənsə, qabiliyyətlərinizə, özünüzlə gətirəcəyiniz, paylaşa biləcəyiniz, komanda yoldaşlarınıza öyrədə biləcəyiniz bacarıqlarınıza cəlb edin;
  • Mümkün olduqca konkret və dəqiq rəqəmlərdən istifadə etməyə çalışın. Rəqəmlər komandakı mühəndis sayını, kod sətir sayını, SLA dəyərlərini, deployment zamanını, iştirak etdiyiniz proyektin gətirdiyi gəliri və s. göstərmək üçün istifadə oluna bilər. Təqdim etdiyiniz rəqəmlərin necə ölçüldüyünü bilməlisiniz. Həqiqətən ölçmədiyiniz bir məlumatı əks etdirmək etik deyil və daha sonra sizi pis duruma düşürə bilər;
  • Hər zaman gördüyünüz işi dəqiq rəqəmlərlə ölçmək və göstərmək mümkün olmur. Bu halda işinizin şirkətə necə fayda verdiyini göstərin. Etdiyiniz dəyişikliyin, yazdığınız kodun müştəriyə və şirkətə nə qazandırdığını göstərin;
  • x texnologiyasından istifadə etdim, y modulunu yazdım kimi ifadələr sizin sadəcə sizə deyiləni və ya tapşırılanı edib bunu sorğulamadığınız hissini yarada bilər. Bundan yayınmağa çalışın — təbiiki əgər belə işləmirsinizsə və bunu düzgün olmadığına inanırsınızsa. Hər hansı texnologiyadan istifadə etdiyinizi qeyd edərkən bunu niyə etdiyinizi, qərarın necə alındığını, məhsula və müştəriyə təsirini qeyd edin;
  • Hansı qərarları verdiyinizi, bu qərarların səbəbini və nəticəsini qısa, konkret şəkildə göstərin. Qərar vermək üçün hər zaman lead və ya senior vəzifəsinə sahib olmalı deyilsiniz. Yazdığınız hər kod, seçdiyiniz hər bir texnologiya verdiyiniz qərar əsasında formalaşır;
  • Müştəri yönümlü olduğunuzu göstərin. Sadəcə məhsula və ya verilən tapşırığa fokuslandığınızı yox. Agile olmaq və bunu göstərmək önəmlidir. Müştəri istəyinə uyğun çevik şəkildə dəyişə bildiyinizi, qərarlar ala bildiyinizi və bu prosesin bir parçası olduğunuzu göstərin;
  • İstifadə etdiyiniz proqramlaşdırma dilini, alətləri və s. göstərmək önəmlidir ancaq şirkətə və məhsula qatdıqlarınız daha önəmlidir — bunu nəzərdə saxlayaraq istifadə etdiyiniz texnologiyaları göstərin.

Layihələr (Projects)

Gündəlik işinizdən əlavə öz layihələriniz üzərində işləmiş və kodlarını Github və b. bənzəri paltformalarda paylaşmış ola bilərsiniz. Bunları mütləq əlavə edin. Bu layihələri yazmaqda məqsədinizi və motivasiyanızı, istifadə etdiyiniz texnologiyaları qeyd edin. Proyektləriniz üçün “Elevator Pitch” olması çox yaxşı olar.

Birdən daha çox sayda CV/resume

Şirkətlərin diqqət yetirdiyi məqamlar, axtardığı bacarıq və təcrübələr eyni deyil. Buna hazır olmaq lazımdır. Fərqli vəziyyətlər üçün hazırlanmış və asan uyğunlaşdırıla bilən fərqli CV/resume versiyalarınız olsun.

Şəxsi maraqlar və fəaliyyətlər (Extracurricular Activities)

İşdən kənar sahib olduğunuz maraqlardan yazın. Bu mövzuda söhbət açıldıqda paylaşa biləcəyiniz sosial profiliniz, portfolionuz və b. hər hansı bir resursunuz olsun.

Məsələn: Sadəcə “video oyunlar oynamaq” olaraq bunu qeyd etməyin. Əgər video oyun oyamaq şəxsi marağınıza daxildirsə çox qısa şəkildə bu haqda yazın. Hansı oyunları oynadığınızı, nəticələrinizin harda olduğunu göstərin.

Mentorluq, könüllü fəaliyyət, meetup -lara qatılmaq kimi fəaliyyətlərinizi mütləq qeyd edin. Çıxış etdiyiniz konfranslar varsa bunları mütləq əlavə edin.

Open source töhfələri

Açıq qaynaq kodlu proyektlərə kod yazaraq, sponsorluq edərək və ya hər hansı formada dəstək göstərirsinizsə bunu qeyd edin. Həll etdiyiniz problemlərə aid nümunələrə, github issue -lara keçidlər əlavə edin.

Nəzərə alınması önəmli olan bir neçə əlavə məqam

  • Daha öncə fərqli şirkətlərdə vakansiya elan edib işçi alınmasında iştirak edən (hiring manager, interviewer və b.) kimi çalışmış dostlarınız və ya mentorunuz varsa, CV -nizə baxmasını və feedback verməsini istəyin.
  • CV -niz üzərində daima çalışın. İş yerinizdə və ya öyrənmək yolunuzda yeni bir şeyə nail olmusuzsa, beyninizdə məlumatlar təzə ikən onu əlavə edin.

Bütün bunlara rəğmən nəzərə almaq lazımdır ki, CV/Resume oxumaq özü də bir bacarıqdır. Əgər qarşıdakının təcrübəsi yoxdursa və ya işə yaxşı mühəndis götürməkdə marağı yoxdursa bu zaman sizin edə biləcəyiniz çox şey yoxdur.

Daha ətraflı danışmaq və mentorluq almaq üçün: https://superpeer.com/faganihajizada

--

--